Gəl gedək, ulduzlar rəqs edər bizimçün orda
Gəl gedək, ayaqyalın mavi dəniz sahilində
Gəl gedək, orda insanlar yoxdu, deməli yoxdu dərd
Gəl gedək, əlimdən bərk yapış, gəl gedək
Gəl gedək, orda çiçəklər və göyərçinlər
Gəl gedək, sərin sulu bulaq, yaşıl çəmənliklər,
Gəl gedək, at bu qaranlıq şəhəri birdəfəlik
Gəl gedək, canım, gəl gedək, gözüm, gəl gedək
Gəl gedək, əbədi yaz küləklərilə bizə qonaq gələr,
Günəş saçar saçaqlarıyla saçlarını darar, hörər
Bəyaz atlar isti qumlarda gəzdirər bizi
Sonsuz meşə, öz içində azdırar bizi
Gözləyər bizi sərin kölgəsilə uca çinar
Gəl gedək, meyvə bağlarında ağaclarda bar
Gəl gedək, orda qayalarda ceyranlar qaçır,
Hava təmiz, hər tərəf işıq, səma açıq
Gəl gedək, orda yoxdu yorulmaq və ağrımaq,
İstəsən də bacarmazsan orda ağlamaq
Gəl gedək, buludlar töksün hərdən şirin yağış,
Sanki rəssam əli ilə çəkilib orda hər qarış,
Saatlarla dinləyək dalğaların səsini,
Sahildə bizdən başqa ayaq izi yox heç kəsin
Yuxu kimi hər bağça doldu əlvan ətirlərlə,
Gəl gedək, gəzdirim səni sehirli nağıllarda
Apar məni
Sıxır bu qara şəhər məni
Sahilə çırpınır dalğalar
Bezmişəm canım, apar buralardan məni uzaqlara
Qar məni yandırır, titrədir ocaqlar,
Qapısı bağlı boş otaqda,
Qalmışam, canım, apar buralardan məni uzaqlara
Qaranlığıma xoş gəldin,
Şəhərə qışgəldi,
Vəhşilər yarımadası büründü əbədi zülmətə
Hər küçənin öz ağrısı var,
Gözünə yaş gəldi,
Daş binalar heç oxşamır rəngarəng cənnətə
Burda sevgi imkansız,
Azadlıq zindansız mümkün olmur burda,
Çünki insanlar çox vicdansız
Hər baxış da sərt baxışdı,
Hamının içini qurd yeyir
Çürümüş ürəklər şəhəri düzələ bilməz üsyansız
Gəl gedək, yaxşılar ölkəsinə, orda yoxdu dərd,
Gəl gedək, varlı, kasıb eyni, heç kəs olmur pərt
Gəl gedək, buludların içində tapaq o ölkəni,
Gəl gedək, canım, gəl gedək, gözüm, gəl gedək
Gəl gedək, orda insanlar yalan danışmır,
Hər kəs öz işində,
Heç kəs heç kəsin işinə qarışmır
Yoxdu padşahlar, yoxdu nökərlər, yoxdu cinayət,
Gəl gedək, orda yox rüşvət və xəyanət
Danışır eyni dildə hamı, yoxdu millətlər,
Hər kəs eyni, yoxdu fərqli dinlər,
Heç kəs orda tutmaz səndə eybi
Yoxdu paxıllıq və oğurluq, yoxdu içkilər,
Yox qumar, yox söyüş, zəhərli bitkilər,
Gəl gedək, qaranlıq şəhərin tüstülərində boğulmaqdansa,
Yataq cənnət istilərində
Körpə uşaqlar kimi, zərif, incə sətirlərdə,
Gəl gedək, gəzdirim səni sehirli nağıllarda
Apar məni
Sıxır bu qara şəhər məni
Sahilə çırpınır dalğalar
Bezmişəm canım, apar buralardan məni uzaqlara
Qar məni yandırır, titrədir ocaqlar,
Qapısı bağlı boş otaqda,
Qalmışam, canım, apar buralardan məni uzaqlara
Apar məni
Sıxır bu qara şəhər məni
Sahilə çırpınır dalğalar
Bezmişəm canım, apar buralardan məni uzaqlara
Qar məni yandırır, titrədir ocaqlar,
Qapısı bağlı boş otaqda,
Qalmışam, canım, apar buralardan məni uzaqlara
Поcмотреть все песни артиста